Yunanıstana F-35 olar, Türkiyəyə F-16 olmaz| “Block 70” tələbi rədd edilərsə, kim daha çox zərər görəcək? – ANALİZ

2023/03/1678267685.jpg
Oxunub: 4777     15:30     08 Mart 2023    
F-16V olduqca zəif hərbi imkanlara malik ölkələr tərəfindən asanlıqla alına bildiyi halda, NATO-nun ən böyük ordularından birinə sahib olan Türkiyənin əldə etməsinə maneələrin olması vəziyyətin ümumən hansı səviyyədə olduğunu təsvir edir.

Türkiyə niyə F-16V təyyarələri və modernləşdirmə dəstləri almaq istəyir?

F-16 təyyarələri Türkiyə Hərbi Hava Qüvvələrinin əsas elementidir və əsas zərbə qüvvəsini təşkil edir. 1987-2012-ci illər arasında Türkiyə ABŞ-dan 270 ədəd müxtəlif modelli F-16 təyyarəsi alıb. Hazırda Türkiyə ABŞ və İsraildən sonra ən çox F-16 təyyarəsi olan ölkədir. Türkiyə xüsusilə terrorla mübarizədə qarşılaşdığı təhlükəsizlik problemlərinə görə bu təyyarələrin ən aktiv istifadəçilərindən birinə çevrilib. Ona görə də Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələr üzrə əhəmiyyətli təcrübə və biliyə malik olması yeni və qabaqcıl F-16-ların istismara verilməsini rasional seçim edir.

Digər tərəfdən Türkiyənin inventarında olan F-16 təyyarələrinin bir çoxunun köhnəlmək ərəfəsində olması yeni təyyarələrin tədarükünü zəruri edir. Türkiyənin F-16 inventarları “Block 30”, “Block 40”, “Block 50” və “Block 50+” konfiqurasiyalarından ibarətdir. Türkiyənin F-16 parkının böyük hissəsinin (“Block 30” və “Block 40” konfiqurasiyasında 160 təyyarə) 1987-1995-ci illər arasında inventara daxil olduğunu nəzərə alsaq, vəziyyəti daha aydın başa düşmək olar. Türkiyə HHQ-nin ən müasir F-16 konfiqurasiyası olan “Block 50+”, təxminən 10 ildir ki, istismar olunur. Buna görə də 5-ci nəsil təyyarələrin bəzi xüsusiyyətlərinə malik olan ən yeni model F-16 “Block 70”in alınması üçün ciddi cəhdlər edilir.

Habelə Türkiyənin müdafiə sənayesi F-16 təyyarələri ilə uzun bir tarixə malikdir. Türkiyə şirkətləri son illərdə təyyarələrdə struktur və avionik modernləşdirmə proqramları həyata keçirib. Bununla da təyyarənin uçuş müddəti uzadılıb və onlar daha müasir avadanlıqlarla təchiz edilib. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Türkiyənin 1987-1995-ci illər arasında aldığı 160 ədəd F-16-dan ilk 8 təyyarə istisna olmaqla, qalanları Türkiyədə istehsal olunub. Eyni şəkildə Misirə ixrac edilən 46 ədəd F-16 1993-1995-ci illər arasında Türkiyədə istehsal olunub. Bundan əlavə, Türkiyə son 20 ildə Pakistan və İordaniya F-16-larının modernləşdirilməsini də həyata keçirib. Türkiyə 79 modernləşdirmə dəsti və yeni təyyarə tələb etməklə digər F-16-larını “Block 70” səviyyəsinə yüksəltməyi hədəfləyir.

F-16V təyyarələrinin və modernləşdirmə dəstlərinin təchizatında niyə problem var?

2021-ci ilin oktyabrında Türkiyə ABŞ-dan 40 ədəd F-16 “Block 70” döyüş təyyarəsi və 79 modernləşdirmə dəsti almaq üçün müraciət məktubu göndərib. Lakin potensial satışın baş verəcəyi ilə bağlı Konqresə qeyri-rəsmi bildiriş yalnız son aylarda göndərilib. Xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ prezidenti Co Bayden Türkiyəyə təyyarə və modernləşdirmə dəstlərinin satışını dəstəklədiyini açıqlayıb. Sonrakı prosesdə Bayden Konqresdə müxtəlif etirazların artması və satışın müəyyən şərtlərlə həyata keçirilməsini tələb edən qanun layihələri fonunda satışı dəstəklədiyini təkrarladı. Daha sonra, satışı şərtləndirən müddəalar 2023-cü il “Milli Müdafiə Maliyyələşmə Qanunu”ndan (NDAA) çıxarıldı.

Administrasiya Konqresə qeyri-rəsmi bildiriş göndərdikdən sonra Konqreslə danışıqlara başlayan proses (mərhələli baxış) qüvvəyə minib. Sözügedən proses 20-40 gün arasında davam edir, bundan sonra rəsmi bildiriş edilir. Bununla belə, Konqresin müxtəlif etirazları vəziyyəti qeyri-müəyyənliyə sürükləyib. Nəhayət, Baydenə göndərdikləri məktubda 29 senator İsveç və Finlandiyanın NATO üzvlüyü üçün müraciətləri Türkiyə tərəfindən təsdiqlənənə qədər təyyarə və modernləşdirmə dəstlərinin satışına icazə verməyəcəklərini bildiriblər. Bu mənada administrasiya Konqresə rəsmi bildiriş göndərməkdən çəkinə bilər ki, bu da satışın dayandırılması deməkdir. Buna misal olaraq, Klinton dövründə AH-1W “Super Cobra” helikopterinin və Obama dövründə “Predator” və “Reaper” Pilotsuz Uçuş Aparatlarının (PUA) satışı kimi prosesləri qeyd edə bilərik.

Ərdoğanın son açıqlamaları Türkiyənin xüsusilə qısa müddətdə İsveçin NATO üzvlüyünü təsdiq etməyəcəyinə diqqət çəkir. Əslində, mümkün satış ilə İsveç və Finlandiyanın NATO üzvlüyü arasında heç bir əlaqə yoxdur. Türkiyə də bu fikri rəsmi şəkildə bildirib. Lakin hər hansı böyük silah satışı müqaviləsində olduğu kimi, məsələ də istər-istəməz siyasiləşib.

ABŞ-dan satışa icazə verilməməsi Türkiyə-ABŞ münasibətlərinə necə təsir edir?

Bir sözlə, satışın baş tutmaması Türkiyənin xeyrinə olmasa da, ABŞ-ın da maraqlarına xidmət etmir. F-16 təyyarəsi uzun tarixə malik Türkiyə-ABŞ təhlükəsizlik və müdafiə ortaqlığının yeganə göstəricisidir. Eynilə, ümumilikdə silah satışı, xüsusilə F-16 təyyarələri Türkiyə-Yunanıstan münaqişələrində ABŞ-ın tarixi sabitləşdirici rolunun və diplomatik təsirinin əksidir. Yunanıstanın Hərbi Hava Qüvvələri də əsasən F-16 təyyarələrindən ibarətdir və Türkiyə və Yunanıstan bu təyyarələri təxminən eyni dövrdə alıb. Odur ki, satışın baş tutmaması son illərdə müxtəlif böhranlara görə tənəzzülə uğrayan Türkiyə-ABŞ münasibətlərinin bəlkə də ən güclü ölçüsü olan hərbi təyyarə tədarükünü ciddi şəkildə korlaya bilər.

Həmçinin, ABŞ-ın Egey və Şərqi Aralıq dənizində diplomatik təsiri Türkiyədə də azalacaq. Eynilə sözügedən dəyişiklik ABŞ-ın son illərdə atdığı addımlarla, Yunan lobbisinin də təsiri ilə özünü daha qabarıq göstərir. Əslində F-16-nın Türkiyəyə satışı ilə 5-ci nəsil qırıcı F-35-in Yunanıstana satışının eyni vaxtda Konqresə elan edilməsi də bunun daha bir göstəricisidir. Hər iki satış təsdiqlənərsə, tarixdə ilk dəfə olaraq ABŞ Yunanıstana daha çox hərbi texnoloji üstünlük vermiş olacaq. Bu anda qeyd etmək lazımdır ki, Yunanıstana məxsus 83 ədəd F-16 illərdir “Block 70/72” konfiqurasiyasına yüksəldilib və Yunanıstan HHQ təyyarələri təhvil almağa başlayıb.

Nəhayət, F-16V olduqca zəif hərbi imkanlara malik ölkələr tərəfindən asanlıqla alına bildiyi halda, NATO-nun ən böyük ordularından birinə sahib olan Türkiyənin əldə etməsinə maneələrin olması vəziyyətin ümumən hansı səviyyədə olduğunu təsvir edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-16   ABŞ  


Bizi "telegram"da izləyin